İQTİSADİYYAT
Gəncənin siması tanınmaz dərəcədə dəyişir
Gəncə, 13 dekabr (AZƏRTAC). Respublikamızda ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncədə hazırda 100-dən artıq obyektdə əsaslı təmir və yenidənqurma işləri aparılır ki, bunlardan da 20-də işlər artıq başa çatdırılmışdır. Yaxın gələcəkdə müxtəlif təyinatlı 45 sosial obyektin inşası da nəzərdə tutulmuşdur.
Artıq şəhərin mərkəzi meydanında aparılan bərpa və yenidənqurma işləri sona çatmaq üzrədir. Meydana qranit döşənmiş, mərmər üzlüklü işıq dirəkləri inşa edilmişdir. 120 kvadratmetrlik monitor quraşdırılmış, üç fəvvarə inşa edilmiş, iki fəvvarə üzərində isə yenidənqurma işləri görülmüşdür. Meydanda 50 metr hündürlüyündə Azərbaycan bayrağı ucaldılmışdır. Meydanın ərazisində yerləşən Gəncə Şəhər İcra Hakimiyyəti binasının xarici görünüşündə arxitektura işləri aparılır. Ətrafdakı binalarda konstruktiv bərkitmə işləri və milli ornamentlər nəzərə alınmaqla klassik memarlıq üslubunda bərpa işləri həyata keçirilir. Heydər Əliyev prospekti boyunca 46 binanın dam örtüyü yenisi ilə əvəz edilir. Qədim Şah Abbas məscidinin və Cavad xan məqbərəsinin ətrafında abadlıq işləri aparılmaqla, burada yerləşən “Çökək hamam” adlanan tarixi abidədə yenidənqurma işləri görülür.
Əsaslı təmir aparılan yerlərdən biri də şəhər mərkəzində yerləşən Cavad xan küçəsidir. Burada çoxlu sayda yerli əhəmiyyətli tarixi-memarlıq obyektləri yerləşdiyindən təmir-bərpa işləri xüsusi diqqətlə aparılır. Küçənin hər iki girişi və kəsişdiyi küçələrdə bərpa işləri zövqlə görülür. Binaların fasadları onların tarixi görkəmini saxlamaq şərtilə üzlənir. Küçənin kommunikasiya şəbəkəsi də tamamilə yenidən qurulmaqla ərazidə 6 fəvvarə inşa edilir. Bir sözlə, Gəncənin yaxın vaxtlarda siması tamamilə dəyişəcəkdir.