İDMAN
Gənclər arasında maarifçilik işini aparılması təşkilatın başlıca məqsədlərindəndir
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 28-də Bakı Ekspo Mərkəzində açılmış “SportExpo-2012” Beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi və gənclər təşkilatlarının IV Respublika sərgisində “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi də təmsil olunur.
İctimai Birliyin departament rəhbəri Ceyhun Quliyev AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, təşkilat Beyləqan, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərir. Birliyin qarşısında duran başlıca məqsədlərdən biri də gənclər arasında vətənpərvərlik, humanizm və milli -mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində maarifçilik işi aparmaq, gənclərin elmi biliklərinin artırılması və dünya görüşünün inkişafına kömək etmək, onların sosial problemlərinin həllinə dəstək göstərməkdir.
Vurğulanmışdır ki, birlik üzvləri 2011-ci ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İİV-QİÇS-lə bağlı Beyləqan rayonunun gəncləri və məcburi köçkün gənclər arasında maarifləndirmə işlərinin aparılması” layihəsini həyata keçirmişlər.