ELM VƏ TƏHSİL
Gənclər Fondu tərəfindən qəbul edilmiş layihənin təqdimatı olub
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu İlahə Rəhimovanın təqdim etdiyi “Virtual İnkişaf və İdarəetmə Mərkəzi (VİİM)” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən bəyənilərək qəbul olunub.
AzTU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 30-da universitetdə həmin layihənin təqdimatı keçirilib.
Təqdimat mərasimində qeyd edilib ki, Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Virtual İnkişaf və İdarəetmə Mərkəzi (VİİM)” adlı layihə universitetdə təhsil alan tələbələrin inkişaf və idarəetmə potensialını daha da təkmilləşdirmək məqsədi daşıyır. Tələbələr bu layihəyə onlayn rejimdə qoşularaq özlərini inkişaf etdirə biləcəklər. Layihə çərçivəsində tələbələrə virtual təlimlər keçiriləcək, onların inkişafını təmin etmək üçün əlaqələr qurulacaq.
Layihənin reallaşdırılması üçün ilk növbədə www.viim.az saytı hazırlanıb. Sayt daxilində videoçarxlar nümayiş etdirilir, xarici dillərdə, o cümlədən rus, ingilis, alman, fransız dillərində müxtəlif materiallar yerləşdirilir. Sayta təlimlərdən ibarət videoçarxlar yüklənir, bu layihəni həyata keçirməklə tələbə gənclərin inkişafına və idarəetmə bacarığının təkmilləşdirilməsinə köməklik göstərilir.