CƏMİYYƏT
Gənclər təşkilatlarının IV Respublika sərgisində “Kainat” Gənclik Mərkəzi də təmsil olunur
Bakı, 29 noyabr (AZƏRTAC). Xəbər verildiyi kimi, Bakı Ekspo Mərkəzində Böyük Britaniyanın “ITE Group plc” və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Azərbaycanda ilk dəfə Beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi (“SportExpo-2012”) keçirilir.
AZƏRTAC xəbər verir ki, “SportExpo-2012” sərgisi ilə bir meydançada Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində gənclər təşkilatlarının IV Respublika sərgisi də keçirilir.
Sərgidə 76 gənclər təşkilatı öz nailiyyət və imkanlarını nümayiş etdirir.
Bu təşkilatlardan biri də 22 illiyini qeyd edən “Kainat” Gənclik Mərkəzidir. Sərgidə mərkəz üçün ayrılmış stenddə maraqlı müzakirələr təşkil olunmuşdur. Eyni zamanda, digər QHT-lərlə təcrübə mübadiləsi aparılmışdır.
Builki sərginin həm iştirakçıların sayına, həm formatına və həm də zənginliyinə görə fərqləndiyini qeyd edən mərkəzin əməkdaşları Azərbaycanın gənclər siyasətinə bundan sonra da öz töhfələrini verəcəklərini bildirmişlər.