CƏMİYYƏT
Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (GİN) yaranmasının 28-ci ildönümü münasibətilə iyulun 26-da qurumun rəhbərliyi və kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, qarşısına əklil qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
GİN-dən AZƏRTAC-a bildiriblər ki, sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.
Vətən uğrunda canlarından keçən şəhidlərimizin məzarları da ziyarət olunub, əbədi məşəl abidəsi önünə əklil qoyulub.
Nazirliyin əməkdaşları əlamətdar gündə “Ümid yeri” uşaq sığınacağını və ahıl şəxslər üçün sosial xidmət müəssisəsini də ziyarət ediblər.
Hər iki sosialyönümlü mərkəzin sakinləri ilə görüş zamanı onlara nazirliyin hədiyyələri təqdim edilib.
Qeyd edək ki, 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılan Gənclər və İdman Nazirliyi ulu öndər Heydər Əliyevin ölkə idmanını və gəncləri diqqət mərkəzində saxlamasının ən bariz nümunəsi idi. Bu gün də gənclərimiz və ölkə idmanı Prezident İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunub.