ELM VƏ TƏHSİL
Geologiya İnstitutunda kafedra təşkil olunmuşdur
Bakı, 28 noyabr (AZƏRTAC). Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) və Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun birgə müqaviləsi əsasında “Neft-qazın geologiyası” baza kafedrası yaradılmışdır.
Geologiya İnstitutunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu elm müəssisəsində fəaliyyət göstərəcək kafedrada geologiya mühəndisliyi ixtisasının tədris planına uyğun bakalavriat və magistratura səviyyəsində elmi-tədqiqat işləri aparılacaqdır.
Dərslər Geologiya İnstitutunun alimləri tərəfindən keçiriləcəkdir.
AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə bildirmişdir ki, baza kafedrası gənc mütəxəssislərin yetişdirilməsi və neft-qaz geologiyası elminin inkişafı məqsədi ilə təşkil olunmuşdur. Burada ADNA-nın doktorantları da təhsil ala biləcəklər.