İDMAN
Georgi Nikolov: Biz səfər oyununda zəruri üstünlüyə nail olmağa çalışmalıyıq
Bakı, 26 iyun (AZƏRTAC). “Mariehamn” komandası avrokubokda debütantdır. Lakin buna baxmayaraq rəqibə hörmətlə yanaşmaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsində Finlandiyanın “Mariehamn” komandası ilə qarşılaşacaq Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov demişdir.
Bildirmişdir ki, “Mariehamn” gücü, yüksək sürəti və fiziki qüvvəsi ilə fərqlənən Finlandiya futbolunun təmsilçisidir. Finlandiyanın bütün klubları “qaranlıq rəqiblərdir”. Orada oynayan futbolçular yaxşı fiziki parametrlərlə fərqlənirlər. Düşünürəm ki, bizə zəif rəqibin düşdüyünü deyə bilmərik. Bizə bu oyunlara böyük məsuliyyət hissi ilə yanaşmaq lazımdır və səfər oyununda zəruri üstünlüyə nail olmağa çalışmalıyıq. Bunu edə bilsək, o zaman sakit nəfəs almaq mümkün olacaqdır.
Komandalar arasında ilk oyun iyulun 4-də Bakıda keçiriləcəkdir.