Get əsgər, uğur olsun!
Şərur, 13 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının 2011-ci il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında 2010-cu il 11 dekabr tarixli Fərmanına əsasən, Şərur Rayon Hərbi Komissarlığında gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir.
Mərasimdə rayonun hərbi komissarı, polkovnik-leytenant Firudin Məmmədov çıxış edərək həmişəki kimi yenə də hərbi çağırışın əsl bayram təntənəsinə çevrildiyini, bu dəfə də gənclərin Vətənə qulluq borcunu can-başla yerinə yetirməyə gəldiklərini, heç kəsin çağırışdan yayınmadığını bildirmişdir.
Qeyd olunmuşdur ki, bundan əvvəl orduya yola salınmış şərurlu gənclərin hamısından xoş soraq gəlir. Onlar hərbi vərdiş və biliklərə məharətlə yiyələnir, nümunəvi xidmətləri ilə seçilirlər. Ordu hissələri ilə ictimaiyyətin sıx əlaqəsi də öz bəhrəsini verir. Bu vaxtadək heç bir fərarilik hadisəsi qeydə alınmamışdır. Valideynlərlə övladlarının hərbi hissələrdə vaxtaşırı görüşləri, verilən öyüdlər, aparılan sovqatlar əsgərlərə Vətən qarşısında ali borc, yüksək məsuliyyət hissi aşılayır.
Polkovnik-leytenant Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini təbrik etmiş və əmin olduğunu bildirmişdir ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, hərbi texnikanın sirlərinə yiyələnməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla onların başını uca edəcəklər.
Şərur Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Əli Qəribov çıxış edərək ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki misilsiz xidmətlərindən söhbət açmışdır. Bildirmişdir ki, son illər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində milli ordumuz regionun ən güclü və qüdrətli ordusuna çevrilmişdir. İndi bu ordu torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır və bununla bağlı Ali Baş Komandanımızın əmrini gözləyir.
Valideyn Nizami Əzizov ordu sıralarına yola düşən gənclərə xoş arzularını və tövsiyələrini çatdırmışdır. Çağırışçılar adından isə Nicat Məmmədov çıxış edərək Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını həvəslə yerinə yetirəcəklərinə söz vermişdir.
Mərasimin sonunda çağırışçı gənclər cəngi sədaları ilə dövlət bayrağımızın altından keçmişlər.
Tədbir bayram konserti ilə başa çatmışdır.
######
