GİROVLAR TEZLİKLƏ AZAD EDİLMİŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, noyabrın 24-də səhər Fransanın Alye departamentinin Mülan-İzor mərkəzi həbsxanasının zirzəmisində işləyən 32 məhbus qiyam qaldıraraq baş nəzarətçini və daha 3 nəzarətçini girov götürmüşlər. Taxta parçaları və qayçılar ələ keçirmiş dustaqlar həbsxanadakı şəraitlərinin yaxşılaşdırılması tələbini irəli sürmüşlər. Baş vermiş hadisə ilə bağlı təcili həyəcan siqnalı ilə bütün şəxsi heyət ayağa qaldırılmış və Mulan şəhərindən əlavə 100 nəfər gətirilmişdir. Tez bir vaxtda həbsxana mühasirəyə alınmış, polislərin bir qismi isə məhbusların olduqları zirzəmini daima nəzarətdə saxlamışlar. Məhbuslarla aparılan ilk danışıqlar öz nəticəsini vermiş, yüngülcə xəsarət almış nəzarətçi azad edilmişdir. Sonrakı danışıqlar mərhələsində yerdə qalan girovlar da azad olunmuşlar. Qiyam qaldırmış məhbuslardan 29-u dərhal öz kameralarına qayıtmışdır. Daha aqressiv mövqe tutmuş və uzun müddətli həbs cəzasına məhkum edilmiş iki məhbus vəziyyətlərinin çıxılmaz olduqlarını dərk edərək bir qədər sonra yoldaşlarının ardınca getmişlər.
19 saat vaxt sərf olunmuş əməliyyat qan tökülmədən uğurla başa çatmışdır.