İQTİSADİYYAT
Gömrük Komitəsi tərəfindən daxilolmalar proqnoza nisbətən 14,6 faiz çox icra edilib
Bakı, 12 avqust, AZƏRTAC
2021-ci ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz və ya 34,2 milyon manat azalmaqla, 2 milyard 38,2 milyon manat icra olunub.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar proqnoza nisbətən 14,6 faiz və ya 259,7 milyon manat çox icra edilib ki, bu da illik proqnozun 52,3 faizini təşkil edir. Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların əsas payı əlavə dəyər vergisindən daxilolmalar (67,8 faiz və ya 1382,1 milyon manat), ən az payı isə yol vergisindən daxilolmalardır (1 faiz və ya 20,7 milyon manat). Cari ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalarda ötən ilin müvafiq dövrü ilə müqayisədə faizinə görə ən çox artım 10,9 faiz aksizlər üzrə daxilolmalar təşkil etdiyi halda, ən çox azalma 6,6 faiz əlavə dəyər vergisində müşahidə olunub. 2021-ci ilin I yarısında Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə mart, aprel və iyun aylarında çox, yanvar, fevral, may və iyun ayında isə az icra edilib.