CƏMİYYƏT
Gömrükçülər avtomobildə gizlədilən pnevmatik silah aşkarlayıblar
Bakı, 3 iyun, AZƏRTAC
Gömrükçülər avtomobildə gizlədilən pnevmatik silah aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Rusiyadan gələn, bu ölkə vətəndaşının idarə etdiyi "Toyota Camry" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin ön sağ sərnişin oturacağının qarşısında əşyaların saxlanması üçün zavod konstruksiyasında nəzərdə tutulan saxlanc qutusundan 1 ədəd üzərində MP-654K yazılan T15043570 seriya nömrəli 4,5 millimetr kalibrli pnevmatik silah aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.