REGİONLAR
Goranboyda yeni süd toplama məntəqəsi açılmışdır
Goranboy, 19 may (AZƏRTAC). Mayın 19-da Goranboy rayonunun Veyisli kəndində yeni süd qəbulu məntəqəsi açılmışdır.
AZƏRTAC xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) 2009-cu ildən “ÜMİD” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Süd məhsulları istehsalçılarına icma əsaslı dəstək” layihəsini USAİD-lə bərabər bp və onun tərəfdaşları maliyyələşdirmişlər. Məntəqə Veyisli kəndində südçülüklə məşğul olan fermerlərə, 2 minə yaxın kənd sakininə məhsulu kommersiya müəssisələrinə satmağa imkan verəcəkdir.
USAİD-in Azərbaycan üzrə missiyası iqtisadi inkişaf şöbəsinin layihə rəhbəri Məryam Ubilava demişdir ki, məntəqə süd məhsullarının keyfiyyətini yaxşılaşdırmağa da kömək edəcəkdir. Məlumat vermişdir ki, layihə çərçivəsində qərb bölgəsində və mərkəzi rayonlarda bu cür daha altı süd qəbulu məntəqəsi açılacaqdır.