REGİONLAR
Goranboylu şəhidin medalı ailəsinə təqdim olunub VİDEO
Goranboy, 6 may, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Elmir Zeynalov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Goranboyun Əhmədabad kəndində təşkil edilən tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları, kənd sakinləri, hərbçiləri iştirak edib və şəhidin medalı ailəsinə təqdim olunub.
Ailənin tək oğlan övladı olan 22 yaşlı Elmir Zeynalov Goranboy rayonu ərazisində düşmənin təxribatının qarşısını alan zaman şəhid olub.
Tədbirdə kiçik çavuşun döyüş yoluna nəzər salanlar ötən ayın əvvəllərində Azərbaycan Ordusunun cəbhədəki uğurlarından danışıb, şəhidlərin qanının yerdə qalmayacağını və işğal altında olan torpaqların azad ediləcəyinə inam ifadə ediblər.
Çıxışlarda Elmir Zeynalovun 90-cı illərin əvvəllərində şəhid olan əmisinin qisasını aldığı, xidmət etdiyi dövrdə düşmənin onlarla canlı qüvvəsini və texnikasını məhv etdiyi vurğulanıb.
Sonda şəhidin məzarı ziyarət olunub.