MƏDƏNİYYƏT
Görkəmli alimin yeni kitablarının təqdimatı olmuşdur
Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də Beynəlxalq Mətbuat Mərkəzində görkəmli alim, pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü Əjdər Ağayevin ikicildlik “Seçilmiş pedaqoji əsərləri”nin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən fəlsəfə elmləri doktoru Şahlar Əsgərov yeni kitablar haqqında məlumat vermişdir. Bildirilmişdir ki, hər iki cilddə müəllifin təhsil, təlim və tərbiyə tarixi məsələlərinə dair məqalələri, müsahibələri, publisistik qeydləri yer almışdır.
Əsərin birinci cildi Azərbaycan dilində, ikinci cildi isə rus dilində çap edilmişdir. Kitabda yer alan məqalələrin hər birində yeniləşən cəmiyyətin, müasir təhsil-təlim texnologiyalarının tələbləri nəzəri cəhətdən araşdırılır, problemlər qaldırılır və onların həlli yolları göstərilir.
Bildirilmişdir ki, Ə.Ağayev müxtəlif illərdə “Məktəblərdə vətənə sədaqət tərbiyəsi”, “Məktəblərdə vətəndaşlıq borcunun tərbiyə edilməsi”, “Azərbaycan maarifpərvərləri şəxsiyyət haqqında”, “Vətəndaş olmağa borclusan”, “Sülh gəmisinin kapitanı” və başqa kitabları ilə pedaqogika sahəsinə yeniliklər, maraqlı ideyalar gətirmişdir.
Tədbirdə çıxış edən natiqlər Ə.Ağayevin pedaqoji fəaliyyətini yüksək qiymətləndirmişlər.
Sonda Ə.Ağayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.