MƏDƏNİYYƏT
Görkəmli bəstəkar Fikrət Əmirovun yubileyi qeyd edilmişdir
Bakı, 28 noyabr (AZƏRTAC). Noyabrın 28-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində (AMMDM) görkəmli bəstəkar, Xalq Artisti Fikrət Əmirovun 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun həyat və fəaliyyətinə həsr edilmiş sərgi ilə tanış olmuşlar.
Mərasimdə muzeyin direktor müavini Təranə Qurbanova çıxış edərək tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Fikrət Əmirovun 90 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 6 fevral tarixli Sərəncamına əsasən keçirilən “Fikrət Əmirov-90” Musiqi Festivalı çərçivəsində reallaşdığını bildirmişdir.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə, Bakı Musiqi Kollecinin direktoru, Əməkdar İncəsənət Xadimi, professor Nazim Kazımov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Şirinova çıxış edərək bəstəkarın zəngin yaradıcılığından, yüksək insani keyfiyyətlərindən və Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafında misilsiz xidmətlərindən söhbət açmışlar.
Bildirilmişdir ki, XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biri olan Fikrət Əmirov dünya musiqisi xəzinəsinə qiymətli incilər bəxş etmişdir. O, Azərbaycan musiqisində simfonik muğam janrının banisidir. Görkəmli bəstəkarın əsərləri nəinki ölkəmizdə, hətta dünya şöhrətli musiqiçilərin ifasında da sevilərək səsləndirilir.
Qeyd edilmişdir ki, bəstəkar kiçik həcmli miniatürlərdən tutmuş mahnı, romans, süita, musiqili komediya, simfoniya, simfonik muğamlar, fortepiano ilə simfonik orkestr üçün konsert, opera və balet kimi bütün janrlarda özünü istedadlı mütəxəssis kimi tanıtmış və geniş kütlənin rəğbətini qazanmışdır. “Nizami” simfoniyası, “Şur”, “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” simfonik muğamları, “Sevil” operası, doğma Vətənini tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan qravürləri” onun irsinin dəyərli səhifələridir. F. Əmirovun balet janrında yazdığı “Min bir gecə” və “Nəsimi” əsərləri Şərq musiqisinin ən yüksək zirvəsini təşkil etmişdir.
F. Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir. “Fortepiano üçün 12 miniatür”, müxtəlif pyeslər, “Ulduz” , “Azərbaycan elləri”, “Gülüm”, “Gülərəm gülsən” və digər romans və mahnıları bu gün də tez-tez səhnələşdirilir. O, həmçinin dram tamaşalarına, “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və digər filmlərə maraqlı musiqi bəstələmişdir.
Tədbirdə AMMDM-in materiallarından ibarət slayd nümayiş etdirilmişdir.
Yubiley tədbirində Bakı Musiqi Akademiyasının, Bakı Musiqi Kollecinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbə və şagirdlərinin ifasında bəstəkarın əsərlərindən nümunələr səsləndirilmişdir.