CƏMİYYƏT
Görkəmli ictimai xadim, oftalmoloq alim Zəhra Quliyevanın 90 illik yubileyi qeyd olunmuşdur
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Azərbaycan Tibb Universiteti (ATU) ilə birlikdə görkəmli ictimai xadim, oftalmoloq alim, tibb elmləri doktoru, professor Zəhra Quliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatlarının, dövlət qurumları təmsilçilərinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə Zəhra Quliyevanın zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən söhbət açılmışdır.
ADTU-nun rektoru, akademik Əhliman Əmiraslanov bildirmişdir ki, Zəhra Quliyeva 1923-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1944-cü ildə Azərbaycan Tibb İnstitutunu (indiki ATU) bitirmişdir. Həmin ildən institutun göz xəstəlikləri kafedrasında ordinator, assistent, dosent, professor və kafedra müdiri işləmişdir.
Professor Zəhra Quliyeva 150-dən artıq elmi işin, 3 monoqrafiya, dərslik və bir neçə dərs vəsaitinin, ixtira və səmərələşdirici təkliflərin müəllifidir. İşinin vurğunu olan Zəhra Quliyeva yüzlərlə xəstənin gözünə nur vermişdir.
Görkəmli elm xadimi uzun illər ATU-nun rektoru olmuş və ictimai fəaliyyəti ilə respublikamızın həyatında mühüm rol oynamışdır. Ayrı-ayrı illərdə səhiyyə sahəsindəki xidmətlərinə görə Vətənin yüksək mükafatlarına layiq görülmüşdür.
AQUPDK-nın sədri Hicran Hüseynova görkəmli ictimai xadim Zəhra Quliyevanın ictimai-siyasi fəaliyyətindən söhbət açaraq demişdir ki, o, Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki AQUPDK) ilk sədri olmuşdur. Qadın hərəkatına çox yaxşı bələd olan Z.Quliyeva onların problemlərini yaxşı bilirdi. Ümumiyyətlə, o, başqalarının dərdini öz ürəyindən keçirməyi bacarırdı. Bu keyfiyyət, şübhəsiz, onun həkimliyindən və daxili aləminin zənginliyindən irəli gəlirdi. Bu mənada komitənin sədri kimi ona müraciət edən çoxsaylı insanların problemlərinə biganə qala bilmir, onlara bacardığı qədər kömək edirdi. O, çox sevinirdi ki, bu gün qadınlarımız təkcə ailə çərçivəsindəki fəaliyyətləri ilə kifayətlənmir, bütövlükdə cəmiyyətin həyatında iştirak edirlər. Fəxr edirdi ki, qadınlarımız rəhbər vəzifələrdə çalışır, onlara göstərilən etimadı ləyaqətlə doğruldurlar.
Milli Məclisin sədr müavini Bahar Muradava isə bildirmişdir ki, Zəhra Quliyeva Azərbaycanın milli-mənəvi dəyərlərini öz həyatında yaşadan və gələcək nəsillərə ötürən bir şəxsiyyət olmuşdur. Tibb elminə verdiyi töhfələrlə, vətənpərvərliyi, natiqlik bacarığı, yüksək mədəniyyəti ilə ölkədə nüfuz qazanmışdır. İstedadlı oftalmoloq alim kimi onu hamı sevir, qiymətləndirirdi.
ATU-nun kafedra müdiri Paşa Qəlbinur, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bildirmişlər ki, professor Zəhra Quliyeva həmişə özünə və əqidəsinə sadiq insan idi. Hansı vəzifədə işləməsindən asılı olmayaraq illər onu heç də dəyişdirə bilməmişdi. Keçmiş SSRİ-nin və müstəqil Azərbaycanın bir sıra yüksək dövlət mükafatları, orden-medalları ilə təltif olunan Zəhra Quliyevanın adı və əməlləri onun ardıcıllarının, yetirmələrinin yaddaşında əbədi iz qoymuşdur.
Tədbirdə oftalmoloq alim, professor Zəhra Quliyevanın həyatına həsr olunmuş film nümayiş etdirilmişdir.
Mərhumun ailəsi adından çıxış edən qızı Cəmilə Səttarova tanınmış ziyalı, ictimai xadim Zəhra Quliyevanın xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirmişdir.