ELM VƏ TƏHSİL
GÖRKƏMLİ OFTALMOLOQ ALİM ZƏRİFƏ XANIM ƏLİYEVANIN XATİRƏSİ ANILMIŞDIR
Bakı, 27 aprel (AZƏRTAC). Bakının Nərimanov rayonundakı Zərifə Əliyeva adına uşaq bağçasında görkəmli oftalmoloq alimin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Zərifə xanım Əliyevanın bağçanın həyətindəki büstünü ziyarət etmişlər.
Bu məktəbəqədər təhsil müəssisəsinin direktoru Sevinc Mustafayeva gözəl insan, görkəmli alim Zərifə xanım Əliyevanın mənalı və şərəfli ömür yolundan, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, qazandığı uğurlardan danışmışdır.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov isə ləyaqətli insan, qayğıkeş ana kimi onun əziz xatirəsinin əbədi yaşayacağını vurğulamışdır.
Qeyd edilmişdir ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Böyük alimin adını daşıyan uşaq bağçasında tərbiyə alan uşaqların ifasında Zərifə xanım Əliyevaya həsr olunmuş mahnılar və şeirlər səslənmişdir.
Sonda uşaqların və müəllimlərin əl işlərindən ibarət “Günəş kimi işıq saçaq” mövzusunda sərgi nümayiş olunmuşdur.