MƏDƏNİYYƏT
Görkəmli sovet opera ulduzu Bela Rudenkonun yubileyinə həsr olunmuş sənədli film çəkilmişdir
Bakı, 30 iyul (AZƏRTAC). Moskvada yaşayan azərbaycanlı rejissor Rodion İsmayılov “Bela Rudenko. Mən xoşbəxt insanam” sənədli filmini tamamlamışdır.
AZƏRTAC xəbər verir ki, ideyası “Mədəniyyət” telekanalından gəlmiş sənədli film görkəmli sovet opera ulduzu Bela Rudenko haqqındadır.
Rejissor çəkilişdən əvvəl Bela Andreyevnanın tərcümeyi-halını öyrənərkən onun çox xoşbəxt insan olduğunu, həyatda uğurun onu daim izlədiyini, yaradıcılığında bütün işlərin çox uğurlu alındığını bildirmişdir. O, məhz buna görə filmin adını “Bela Rudenko. Mən xoşbəxt insanam” qoymuşdur.
Bela Rudenkonun 80 illiyi münasibətilə hazırlanan film müğənninin ad günündə - avqustun 18-də “Mədəniyyət” telekanalında yayımlanacaqdır.
Ssenari müəllifi və rejissoru Rodion İsmayılov, operatoru Pavel Lenkov olan filmin xronometrajı 39 dəqiqədir.
Bela Rudenko XX əsrin 60-80-ci illər vokal sənətinin parlaq ustaları pleyadasına daxildir.