ELM VƏ TƏHSİL
GÖRKƏMLİ YAZIÇI, ALİM VƏ PEDAQOQ MİR CƏLAL PAŞAYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 2-də Azərbaycan Beynəlxalq Universitetində (ABU) görkəmli yazıçı, ictimai xadim, alim və pedaqoq, professor Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş geniş tədbir keçirilmişdir.
Tanınmış alimlərin, pedaqoqların, Milli Məclis deputatlarının, tələbələrin iştirak etdikləri tədbirdə ABU-nun rektoru, hüquq elmləri doktoru Elşad Abdullayev ölkə Prezidenti İlham Əliyevin “YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” 2008-ci il 31 yanvar tarixli Sərəncamında yazıçı Mir Cəlal Paşayevin 100 illik yubileyinin təşkili ilə bağlı müddəanın əhəmiyyətini vurğulamışdır.
Professor Mir Cəlal Paşayevin zəngin elmi və ədəbi yaradıcılığından danışan rektor, onun mənalı və şərəfli ömür yolunun nəsillərə ən layiqli örnək olduğunu söyləmişdir.
Universitetin prorektoru, professor Həsən Bayramov məruzəsində bildirmişdir ki, XX əsr Azərbaycan ədəbiyyatı və elmi tarixində mühüm yer tutan M.C.Paşayev bütün mənalı həyatını, fəaliyyətini elmin, təhsilin, ədəbiyyatımızın inkişafına həsr etmişdir.
Yazıçı Mir Cəlal Paşayevin ədəbi irsinin əhəmiyyətindən bəhs edən məruzəçi diqqətə çatdırmışdır ki, onun mühüm həyati problemlər qaldıran, vacib ictimai-siyasi və mənəvi-əxlaqi məsələləri əks etdirən realist əsərlərində əsas tədqiqat obyekti insan, onun mənəvi dünyası, mübarizəsidir. Xalqımızın inkişaf yolu yazıçı M.C.Paşayevin yaradıcılığında öz parlaq əksini tapmışdır. İctimai fikrimizin inkişafında mühüm xidmətləri olan böyük zəka sahibi M.C.Paşayev həm görkəmli yazıçı və alim, həm də istedadlı pedaqoq kimi şöhrət qazanmışdır.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov, xalq şairi Nəriman Həsənzadə, professor Təhsin Mütəllimov, ABU-nun kafedra müdiri Ənvər Əhməd və digər natiqlər də böyük yazıçı və alim M.C.Paşayevin ədəbiyyatımıza, elmimizə, təhsilimizə verdiyi dəyərli töhfələrdən, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı əvəzsiz xidmətlərindən, zəngin ədəbi irsinin əhəmiyyətindən, nəcib insani keyfiyyətlərindən ətraflı danışmış, onunla bağlı xatirələrini söyləmişlər.
Görkəmli yazıçı və alim M.C.Paşayevin qızı, professor Ədibə Paşayeva atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirmişdir.