İQTİSADİYYAT
“Göyçay-1” Su Elektrik Stansiyasının inşası uğurla davam etdirilir
Göyçay, 12 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Göyçay rayonunun Bığır kəndində yeni su elektrik stansiyasının inşası sürətlə davam etdirilir. “Azərenerji” ASC-nin sifarişi ilə Yuxarı Şirvan kanalının üzərində tikilən “Göyçay-1” SES-in ərazisi 4 hektardır.
Ötən ilin fevralında Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş stansiyanın tikintisində hazırda 50-dən artıq inşaatçı çalışır. Əraziyə 15-dək ağır texnika cəlb olunmuşdur. Bugünədək xeyli torpaq işi görülmüşdür. Hazırda ərazidə karkasquraşdırma və betonlama işləri həyata keçirilir, stansiyanın inzibati binası inşa edilir. Stansiyanın ərazisi abadlaşdırılmış, ətrafı hasarlanmış və 2 minədək ağac əkilmişdir. Ərazidə işıqlandırma sistemi quraşdırılmışdır.
Üç meqavat/amper gücündə olacaq stansiyada 3 turbindən ibarət maşın zalı inşa ediləcəkdir. Stansiya istifadəyə veriləndən sonra rayonda elektrik enerjisi ilə bağlı vəziyyət xeyli yaxşılaşacaqdır.