SİYASƏT
GÖYÇAYDA DAİRƏ VƏ MƏNTƏQƏ SEÇKİ KOMİSSİYALARININ ÜZVLƏRİ MAARİFLƏNDİRİLİR
Göyçay, 24 sentyabr (AZƏRTAC). Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamına müvafiq olaraq Göyçayda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir.
88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında keçirilən kurslarda DSK üzvləri ilə yanaşı, 72 məntəqə seçki komissiyasının sədrləri də iştirak edirlər.
Kursların ilk günündə Mərkəzi Seçki Komissiyasının hüquq şöbəsinin nümayəndəsi Samir Tağıyev “Vətəndaşların seçki hüquqlarının pozulmasına görə şikayətlərə baxılması”, rayon icra hakimiyyətinin məsul işçisi Ədalət Dövlətov “Seçici siyahılarının dəqiqləşdirilməsində yerli icra hakimiyyəti və bələdiyyə qurumlarının üzərinə düşən vəzifələr”, rayon məhkəməsinin hakimi Elxan Babayev “Azərbaycan Respublikasının Konstitusiyası ilə verilən seçki hüquqları. Seçki Məcəlləsi haqqında əsas anlayış və prinsiplər, seçki hüququnun məhkəmə müdafiəsi” mövzularında məruzələr etmişlər.
88 saylı Göyçay seçki dairəsi dairə seçki komissiyasının sədri Eldəniz Həmidov və 89 saylı Göyçay-Ağdaş seşki dairəsi dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov çıxış edərək seçkilərlə bağlı dairə və məntəqə seçki komissiyalarının vəzifələri, onların fəaliyyətinin qarşılıqlı təşkili barədə seminar iştirakçılarına məlumat vermiş, sualları cavablandırmışlar.
Kurslarda iki dairə üzrə ümumilikdə 96 nümayəndə iştirak edir.