İDMAN
Göyçayda gənclər və yeniyetmələr arasında çoxmübarizəli döyüş idman növləri üzrə beşinci ölkə çempionatı keçirilmişdir
Bakı, 28 mart (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq Göyçay Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında çoxmübarizəli döyüş idman növləri üzrə beşinci ölkə çempionatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarışdan əvvəl idmançılar ulu öndər Heydər Əliyevin Göyçay şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Çempionatın açılış mərasimində əvvəlcə dövlət himni səsləndirilmişdir.
Tədbirdə Azərbaycan Çoxmübarizəli Döyüş İdman Növləri Federasiyasının prezidenti, Əməkdar Məşqçi Vüqar Muradov, rayon gənclər və idman idarəsinin rəisi Elşən Şirinov çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından, qazanılan uğurlardan, bu il daha çox nailiyyətlərin əldə edilməsi üçün qarşıda duran vəzifələrdən danışmışlar.
Bildirilmişdir ki, Azərbaycan idmançıları hər il çoxmübarizəli döyüş idman növləri üzrə Avropa və dünya çempionatlarından Vətənə medallar gətirirlər. Son 3 ildə bu idman növü üzrə dünya çempionu titulunu qazanan 6 idmançı imtahan vermədən birbaşa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşdur. Hazırda ölkəmizin 50 şəhər və rayonunda çoxmübarizəli döyüş idman növləri üzrə klublar fəaliyyət göstərir, ümumilikdə 10 mindən çox yeniyetmə və gənc bu idman növü ilə müntəzəm məşğul olur.
İki gün davam edən yarışda 23 şəhər və rayondan 300 idmançı mübarizə aparmışdır.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Emin Nəbiyev (30 kq, Yevlax), Əli İsgəndərli (40 kq, Göyçay), Razəddin Azadov (45 kq, Göyçay), Cəfər Səmədzadə (50 kq, Şəki), Rəşad Həsənli (55 kq, Yevlax), Fətəli Məmmədli (60 kq, Göyçay), Hüseyn Novruzov (65 kq, Bakı), Elnur Əhmədov (70 kq, Ucar), Elton Kərimov (75 kq, Yevlax), Əbülfəz Davudov (80 kq, Göyçay), qızlardan Gülcan Həmidova (30 kq, Şəki) və Bahar Dadaşova (35 kq, Şəki) qızıl medal qazanmışlar.
Baş məşqçi Xaləddin Şirinov ölkə çempionu olan idmançıları yığma komandanın heyətinə cəlb edərək beynəlxalq yarışlara hazırlayacaqdır. İdmançılarımız aprelin 10-dan 16-dək Ukraynanın Xarkov şəhərində keçiriləcək dünya çempionatında və aprelin 12-dən 15-dək Rusiyanın Sank-Peterburq şəhərində baş tutacaq döyüş növləri olimpiadasında ölkəmizi təmsil edəcəklər.