REGİONLAR
Göyçayda ilk dəfə 150 hektar sahədə qarğıdalı plantasiyası salınır
Göyçay, 21 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçayda heyvandarlıq və quşçuluğun inkişafı üçün ilk dəfə qarğıdalı plantasiyası salınır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Göyçayda kənd təsərrüfatı sahəsində yerli məhsul istehsalı hesabına xammalın əldə edilməsi və süni qiymət artımının qarşısının alınması üçün heyvandarlıq və quşçuluqda ən vacib qida məhsulu sayılan qarğıdalı əkininə maraq artıb. Dənli bitkilər arasında qarğıdalı daha çox gəlirli olduğu üçün fermerlər bu sahəyə daha çox üstünlük verirlər. Bu il Göyçayda yerli sahibkarlar tərəfindən ilk dəfə olaraq 150 hektar sahədə qarğıdalı əkininin aparılması nəzərdə tutulub. Artıq bu günədək sahələr şumlanıb, arat olunub, hazırda isə əkin işləri aparılır. Bu günədək 100 hektar sahədə toxum səpini aparılıb.
Fermerlər məhsuldarlığın yüksək olması üçün toxumu xarici ölkələrdən gətizdiriblər. Rayonda qarğıdalı əkini zamanı əsasən Türkiyədən gətirilən “Hacıbəy” sortuna üstünlük verilir. Kəndli fermerlərin sözlərinə görə “Hacıbəy” qarğıdalı sortu yay aylarında havaların həddindən çox isti keçdiyi zaman quraqlığa dözümlü olur. Bir hektar əraziyə 15 kiloqram toxum səpilir. Sahələrə lazımi aqrotexniki qulluq göstərən kəndlilər bir hektar qarğıdalı sahəsindən 120-130 sentner məhsul götürəcəklərinə ümid edirlər.