İQTİSADİYYAT
Göyçayda “Məşğulluğun təmin edilməsi sahəsində sosial tərəfdaşların rolu” mövzusunda tədbir keçirilmişdir
Göyçay, 28 noyabr (AZƏRTAC). Göyçay Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Məşğulluğun təmin edilməsi sahəsində sosial tərəfdaşların rolu” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Göyçay Regional Peşə Tədrisi Mərkəzində 30-a yaxın idarə, müəssisə və təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda rayon məşğulluq mərkəzinin mütəxəssisləri məşğulluq və işsizlik məsələləri, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi, dövlət məşğulluq siyasətinin həyata keçirilməsində sosial tərəfdaşların hüquq və vəzifələri kimi məsələlərİ diqqətə çatdırmışlar.
Qeyd edilmişdir ki, məşğulluq mərkəzi rayon əhalisinin işlə təmin olunmasını, məşğulluq və işsizlik səviyyəsini, iqtisadiyyatın bütün sahələri üzrə bölgüsünü hər zaman diqqət mərkəzində saxlayır.
Tədbirdə rayon icra hakimiyyətinin, suvarma sistemləri idarəsinin, təmir-tikinti şirkətinin, “AzNar” QSC-nin məsul işçiləri çıxış edərək işə qəbul, işdən çıxanlar, ştatların ixtisarı, işədüzəltmə, kvota üzrə işədüzəltmə kimi məsələlərə aydınlıq gətirmiş, bu sahədə işəgötürənlərin vəzifələri barədə geniş məlumat vermişlər. Hər il rayonda təşkil olunan əmək yarmarkalarının əhəmiyyəti qeyd edilmişdir.
Günün tələblərinə uyğun kadr hazırlığı məsələlərindən danışan natiqlər qeyd etmişlər ki, bu iş diqqət mərkəzində saxlanılmalı və ixtisaslı işçi qüvvəsinin təkrar hazırlığı məqsədilə məşğulluq mərkəzinin nəzdində peşə kurslarının sayı artırılmalıdır.