REGİONLAR
Göyçayda meyvə-tərəvəz yığımı davam edir
Göyçay, 24 iyun, AZƏRTAC
Göyçay rayonunda fermerlər son illər meyvəçiliyin və bitkiçiliyin inkişafına böyük maraq göstərirlər.
AZƏRTAC xəbər verir ki, bu ilin məhsulu üçün rayonda 20 min 250 hektar sahədə yazlıq və payızlıq bitkilər əkilib. Bu da əvvəlki ildəkindən çoxdur. Torpaq mülkiyyətçiləri bu il 13 min 756 hektarda taxıl, 2497 hektarda yazlıq əkinlər aparıblar. Bunun 1158 hektarında faraş tərəvəz, 155 hektarda kartof, 114 hektarda qarğıdalı, 1000 hektarda yonca və 70 hektarda bostan bitkiləri əkilib.
Kəndlilər bol məhsul əldə etmək üçün bitkilərə aqrotexniki qulluq göstəriblər. Hazırda kəndlərdə taxıl, kartof və tərəvəz yığımı davam edir. Mütəxəssislər bu il rayonda əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldarlığın da xeyli artdığını bildiriblər. Bağbanlar cari ildə 137 hektar sahədə yeni meyvə bağı salıblar. Rayonda bar verən 5699 hektar meyvə bağından bu günədək 3 min ton məhsul tədarük
olunub. Rayonda kənd təsərrüfatı məhsullarının yığımı davam edir.