REGİONLAR
Göyçayda pambıqçılıq və baramaçılığın inkişafı üçün tədbirlər görülür
Göyçay, 28 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Məlumdur ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ölkəmizdə kənd təsərrüfatının, konkret olaraq pambıqçılıq və baramaçılığın inkişafı, istifadəsiz qalan torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi ilə bağlı ciddi tapşırıqlar vermişdi. Bu tapşırıqdan irəli gələn vəzifələrin icrası məqsədilə hazırda Göyçayda mühüm işlər görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, son vaxtlar Göyçayda bu gəlirli sahələrin inkişafı, kəndlərdə pambıq əkilməsi və barama yetişdirilməsi istiqamətində tədbirlərin icrasına başlanılıb. Aparılan təhlillər zamanı müəyyən edilib ki, rayon üzrə əkinə yararlı torpaqların 1329 hektarından uzun illərdir istifadə olunmur. Bu sahədə vəziyyəti düzəltmək və istifadəsiz qalan torpaqları əkinə cəlb etmək istiqamətində hazırda müvafiq işlər görülür. Belə ki, kəndlərdə mövcud olan boş torpaq sahələrində ilk dəfə olaraq pambıq əkini üçün 200 hektara yaxın ərazidə şum çıxarılıb və arat işləri aparılıb. Hazırda rayonda pambıq əkini sürətlə davam etdirilir.
Rayon sakinlərinin müvafiq təcrübəsi və peşəkarlığı, eləcə də ölkəmizdə pambıq emalı zavodlarının mövcudluğu bu sahənin inkişafına imkan yaradır. Sahibkarlarla zavodlar arasında müqavilə bağlanılıb. Hazırda sahələrdə çiyid səpini aparılır. Barama istehsalı üçün yeni tut bağlarının salınması və mövcud bağların bərpası üçün kəndlilərlə görüşlər keçirilir, onlarla müvafiq söhbətlər aparılır. Bundan əlavə bu il rayonda ilk dəfə olaraq heyvandarlığın və quşçuluğun inkişafı məqsədilə 150 hektar sahədə yem üçün qarğıdalı əkilib. Göyçayda pambıqçılığı və baramaçılığı növbəti illərdə daha intensiv inkişaf etdirmək məqsədilə təkliflər hazırlanıb və müvafiq orqanlara təqdim edilib.
Qeyd edək ki, Göyçay rayonunda hər iki sahə üzrə ötən əsrin 80-ci illərində ciddi nailiyyətlər əldə edilib və həmin dövrdə rayonda orta hesabla hər il 15 min tona yaxın pambıq, 250 tona yaxın barama istehsal olunurdu. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, son illər rayonda bu gəlirli sahələr tam yaddan çıxarılıb, pambıq əkilməsi və barama yetişdirilməsi istiqamətində heç bir iş görülməyib.