REGİONLAR
Göyçayda şəhidin adına inşa edilən bulaq istifadəyə verilib
Göyçay, 29 sentyabr, AZƏRTAC
Göyçay rayonunun Potu kəndində Vətən müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhidlərimizdən birinin - İntiqam Bəxtiyar oğlu Şirəliyevin adına inşa edilən xatirə bulağının açılışı olub. Tədbirdə rayon rəsmiləri, din xadimləri, kənd sakinləri, qazilər və şəhidin ailə üzvləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bulağın açılışı sentyabrın 29-da - İntiqam Şirəliyevin şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü günü olub. Əvvəlcə kənd qəbiristanlığında şəhidin əziz xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
Xatirə bulağının açılışında rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin qəhrəmanlığı Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərir. Əsrlər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər. İcra başçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə qazanılan tarixi qələbədən, xalq-ordu birliyindən də danışıb.
Çıxışlarda şəhidin keçdiyi döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən söz açılıb.
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İntiqam Şirəliyev Prezidentin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.