İQTİSADİYYAT
Göyçayın 20-dən çox küçəsinə yeni asfalt döşənmişdir
Göyçay, 8 yanvar (AZƏRTAC). Son illər Göyçay şəhərinin və kəndlərin siması dəyişmiş, daha da müasirləşmişdir. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, ötən 2 il Göyçay şəhərinin 20-dən çox küçəsi genişləndirilərək asfaltlaşdırılmışdır. Bu gün şəhərdə avtomobil nəqliyyatının sıxlığı müşahidə olunsa da tıxac problemi yoxdur. Bu, yerli əhalinin və rayona gələn qonaqların ürəyincədir.
Məlumata görə, təkcə 2010-cu ildə şəhərin Heydər Əliyev prospekti, Ə.Kərim, Nizami, M.Ə.Rəsulzadə, R.Rza, R.İsayev, Natəvan, S.Vurğun və M.F.Axundov küçələrinin 150 min kvadratmetrlik hissəsinə yeni asfalt döşənmişdir. Həmçinin, eyni vaxtda bu küçələrin kənarındakı piyada səkilərinə bəzək daşları döşənmiş, yeni asfalt çəkilmiş, həmişəyaşıl ağaclar əkilmiş, ərazidə çəmənlik salınmışdır. İrigövdəli çinar ağacları budanmış və hasarlar rənglənmişdir. 50-yə yaxın üç, dörd və beşmərtəbəli yaşayış binasının həyətləri asfaltlanmış, ərazidə abadlıq işləri görülmüşdür.
Bundan əlavə, rayonun Potu kəndinin mərkəzi yoluna 12 min kvadratmetrlik yeni asfalt örtük çəkilmiş, Qarabaqqal, Hacalıkənd, Ləkçiplaq, Çaxırlı, Bığır, Məlikkənd, Qaraməryəm kəndlərində daxili yollara cınqıl döşənmişdir.