ELM VƏ TƏHSİL
Göyçayın orta məktəblərində “Məzun günü” olmuşdur
Göyçay, 1 iyun (AZƏRTAC). Respublikamızın hər yerində, o cümlədən Göyçayda məzunların “Son zəng” tədbirləri təntənə ilə qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, hüquq mühafizə orqanlarının əməkdaşları orta ümumtəhsil məktəblərində keçirilən məzun bayramında iştirak etmiş, şagirdlərin sevincinə qoşulmuşlar.
Rayonun 40 məktəbində 986 məzun üçün keçirilən “Son zəng” tədbirlərində qonaqlarla yanaşı, müəllimlər, məzunların valideynləri, qohumları və dostları da iştirak etmiş, onları təbrik edərək gül-çiçək dəstələri və hədiyyələr təqdim etmişlər. Həmin gün rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri bütün ümumtəhsil məktəblərində məzunlarla görüşmüş, buraxılış və ali məktəblərə keçirilən qəbul imtahanlarında onlara uğurlar arzulamışlar. Məktəblərin ictimai işlərində fəal iştirak edən, bilik səviyyəsinə görə fərqlənən 11-ci sinif şagirdləri mükafatlandırılmışlar. Bayram tədbirində 1-ci və 11-ci sinif şagirdləri bir-birilərinə gül dəstələri və hədiyyələr təqdim etmişlər. “Məzun günü” rayon polis şöbəsinin, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları gücləndirilmiş iş rejimində çalışmışlar.