İQTİSADİYYAT
Gözlənilən qeyri-sabit hava şəraiti “Azəriqaz” İB-nin fəaliyyətinə təsir göstərməyəcək
Bakı, 7 yanvar, AZƏRTAC
Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti “Azəriqaz” İstehsalat Birliyinin (İB) fəaliyyətinə təsir göstərməyəcək.
Bu barədə AZƏRTAC-a “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı İbrahim Kərbalayev məlumat verib. Onun sözlərinə görə, istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi məqsədilə İB-də bütün zəruri tədbirlər görülüb və növbəli iş rejimi tətbiq olunur. Bundan əlavə, Bakının və respublikanın digər rayonlarının qaz təchizatında təmir-tikinti işləri ilə əlaqədar məhdudiyyətlər olmayacaq. Həmçinin, təbii qazdan təhlükəsiz istifadə olunması və gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə “Azəriqaz” İB tərəfindən mənzillərə texniki baxışlar davam etdirilir.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar İB-nin 185 nömrəli qaynar xəttinin iş saatı artırılıb, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndirilib. Yerli qaz istismar sahələri günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçib.
“Azəriqaz” İB bütün istehlakçıları təbii qazdan istifadə zamanı diqqətli olmağı və təhlükəsizlik qaydalarına ciddi riayət etməyi xahiş edir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı yaydığı məlumatda əsasən, yanvarın 7-dən etibarən Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, sulu qar və qar yağacağı gözlənilir.