SİYASƏT
GUAM Milli Əlaqələndiricilər Şurasının Bakıda keçiriləcək görüşündə Azərbaycanın qurumda sədrliyinin prioritetləri müzakirə ediləcəkdir
Bakı, 9 aprel (AZƏRTAC). Aprelin 10-da Bakıda Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti görüşü keçiriləcəkdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə 2012-ci il üçün GUAM-da Azərbaycan sədrliyinin prioritetləri müzakirə ediləcəkdir.
Bundan əlavə, GUAM-ın üzvü olan dövlətlər arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, sahəvi işbirliyi sahəsində mövcud vəziyyət, eləcə də “GUAM +” formatında tərəfdaşlar ilə münasibətlər müzakirə olunacaqdır. Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcəkdir.
Xatırladırıq ki, Azərbaycan 2012-ci il yanvarın 1-dən bir il müddətinə GUAM-da sədrlik edəcəkdir.