İDMAN
Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 13-dən 15-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamam olmuş, 1996-cı il və yuxarı yaşlı idmançılar iştirak edə bilərlər.
AGF-dən AZƏRTAC-a bildiriblər ki, şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, klubları, təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq.
Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar AGF-nin Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq-dək, yunan-Roma güləşçiləri isə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq-dək çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
Proqrama əsasən, dekabrın 12-də saat 16:00-da ilk çəki prosesi həyata keçiriləcək. Sərbəst güləş üzrə yarışların keçiriləcəyi ilk gündə 57, 61, 65, 70, 74 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək.
Dekabrın 14-də 86, 97 və 125 kq sərbəst, 59, 66, 71 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri, son gündə isə 75, 80, 85, 98 və 130 kq yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.