İDMAN
Güləşçilərimiz AGF Kuboku uğrunda beynəlxalq turnirə hazırlıqlarını davam etdirirlər
Bakı, 2 aprel (AZƏRTAC). Aprelin 18-21-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda beynəlxalq turnir keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan yığma komandaları ilə yanaşı, Almaniya, Rusiya, Ukrayna, Qazaxıstan, Tacikistan, Gürcüstan, Özbəkistan və Belarus güləşçilərinin iştirakı da gözlənilir.
Turnirə hazırlıq məqsədilə, sərbəst və yunan-Roma güləşi üzrə həm yeniyetmələrdən, həm də gənclərdən ibarət yığma komandalarımız təlim-məşq toplanışlarına başlamışlar.
Yeniyetmə sərbəst güləş yığması böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında aprelin 5-18-də ümumi fiziki hazırlıq üzrə təlim-məşq toplanışında olacaqlar.
Yeniyetmə yunan-Roma güləşçilərimiz isə təlim-məşq toplanışını aprelin 1-18-də böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Vüqar Aslanov və Rasim Ağayevin rəhbərliyi altında keçəcəklər.
Böyük məşqçi Arif Abdullayev və məşqçi Nazim Əlicanovun rəhbərlik etdiyi sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın heyəti aprelin 3-21-də təlim-məşq toplanışında olacaqdır.
Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komanda böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev və Fuad Alıyevin rəhbərliyi altında aprelin 3-18-də təlim-məşq toplanışına qatılacaqdır.