DÜNYA
Gündüz yuxusu sağlamlığın və xoş əhvalın təminatıdır
Bakı, 29 noyabr (AZƏRTAC). Gündüz yuxusu ürəyə və damar sisteminə müsbət təsir göstərir.
AZƏRTAC xəbər verir ki, kordioloqlar bildirmişlər ki, günorta yuxusu insanın ürək-damar sistemində stressdən yaranmış gərginliyi aradan qaldırır. Onlar ürək xəstəliklərindən əziyyət çəkənlərə tövsiyə edir ki, günorta yuxusuna vaxt ayırsınlar.
“Komsomolskaya pravda”nın məlumatına görə, nahardan sonrakı yuxu ömrü uzadır, arıqlamağa yardım edir. Nahardan sonra yarım saat yatmaqla ömrü 10 il uzatmaq olar. Bundan başqa, nahardan sonrakı yuxu informasiyanın daha rahat qəbul olunmasına və yaddaşın güclənməsinə yardım edir. Daha doğrusu, günorta yatmış adamlar digərləri ilə müqayisədə daha pozitiv olurlar.
Medlinks portalının məlumatına görə, alimlərin araşdırması göstərir ki, nahardan sonrakı yuxu ilə bədən çəkisini də normada saxlamaq olar. Əgər siz əzələ kütləsini artırmaq istəyirsinizsə, nəzərə alın ki, 30 dəqiqəlik yuxu əzələlərdəki maddələr mübadiləsini 40 faizədək artırır.