ELM VƏ TƏHSİL
Gürcü dilindəki “Vikipediya”da Azərbaycanla bağlı məlumatlar daha da zənginləşdirilir
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü, “İnkişaf və Təhsil” Mərkəzinin və “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Marneuli rayonunda gənclər üçün “Vikipediya” təlimləri keçirilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə gənclərə “Vikipediya”nın Gürcüstan nümayəndəliyinin fəaliyyəti barədə məlumat verilib.
Sonra gənclər “Vikipediya”da məqalə yaradılması barədə məlumatlandırılıb.
“Vikimedia”nın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mehman İbrahimov bildirib ki, “Vikipediya”nın Gürcüstan nümayəndəliyi 2015-ci ilin fevralından fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi “Vikipediya”nın gürcü bölməsindəki məlumatların daha da zənginləşdirilməsi və gənclərin bu sahəyə olan maraqlarının artırırılması, həmçinin gürcücə “Vikipediya”da Gürcüstanın və Azərbayanın tanınmış şəxsiyyətləri, ölkələrimiz arasında dostluq əlaqələrində xüsusi xidmətləri olan şəxsiyyətlər, tarixi abidələr və mədəniyyətlərlə bağlı məqalələrin yaradılmasıdır. Qeyd edilib ki, yaxın günlərdə “İnkişaf və Təhsil Mərkəzi” ilə “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyi arasında əməkdaşlıq memorandumu da imzalanacaq. Onların nümayəndələri mütəmadi olaraq gəncləri “Vikipediya”da işləməyin qaydaları barədə məlumatlandıracaq.
Tədbirdə Marneuli “Viki” klubunun yaradılması barədə razılıq əldə olunub və bu sahədə artıq ciddi iş aparıldığı qeyd edilib. Vurğulanıb ki, təşkilatçılarla birgə Marneulidə ofis yaratmaq nəzərdə tutulub.
“İnkişaf və Təhsil Mərkəzi”nin sədri Emin Əhmədov Marneulidən sonra “Viki” fəaliyyətin və təlimlərin Kvemo Kartli bölgəsini əhatə edəcəyini söyləyib. Bildirib ki, məqsəd Azərbaycanın incəsənəti, mədəniyyəti, Gürcüstan azərbaycanlılarının tarixi şəxsiyyətləri və s. haqqında gürcücə məlumatları zənginləşdirmək və fəal gəncləri bu işə cəlb etməkdir.