MƏDƏNİYYƏT
Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyində azərbaycanlı aktyor da iştirak edəcək
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) aktyoru İlham Əsədov aprelin 13-dən 19-dək Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirlərində iştirak etmək üçün dəvət alıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağının əməkdaşı bu münasibətlə keçiriləcək tədbirlərdə teatrı təmsil edəcək.
Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun xarici ölkə teatr rəhbərləri ilə qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə apardığı danışıqlar nəticəsində ADGTT dünya teatrları ilə yanaşı, qonşu dövlətlərin teatrları ilə də sıx yaradıcılıq əlaqəsindədir.
Xatırladaq ki, teatr “Qarşılıqlı qastrol səfərləri” haqqında müvafiq müqaviləyə əsasən ötən ilin aprel ayında Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının səhnəsində yazıçı Pərvinin “Dəcəl keçi” tamaşası ilə çıxış edib.