DÜNYA
Gürcüstan Milli Müstəqillik Gününü qeyd edir
Tbilisi, 26 may, AZƏRTAC
Bu gün Gürcüstanda Müstəqillik Günü qeyd edilir. Bu münasibətlər paytaxt Tbilisinin Azadlıq meydanında, eləcə də ölkənin 15 iri şəhər və rayonunda rəsmi tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, paytaxtda keçirilən rəsmi mərasimdə Prezident Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, Parlamentin sədri Şalva Papuaşvili və müdafiə naziri Cuanşer Burçuladze çıxış edərək xalqı bayram münasibətilə təbrik ediblər.
Tədbirlər çərçivəsində paytaxtda və bölgələrdə hərbi texnika sərgilənib, hərbi xidmətə yeni çağırılanlar təntənəli surətdə and içiblər. Hərbi təyyarə və helikopterlər Tbilisi səmasında uçuşlar ediblər. Gürcüstan Müdafiə Qüvvələrinin xüsusi bölmələri tribunanın qarşısından keçiblər.
Tədbirin rəsmi hissəsində Gürcüstanın rəsmi şəxsləri ilə yanaşı, diplomatik korpusun nümayəndələri də iştirak ediblər. Azərbaycanın Gürcüstandakı səfiri, hərbi attaşe aparatının rəhbəri və zabitləri tədbirdə iştirak ediblər.
Bayram gününə Respublika meydanında qala-konsertlə yekun vurulacaq.
Qeyd edək ki, 104 il əvvəl, 1918-ci il mayın 26-da Milli Şuranın qərarı ilə müstəqil dövlət qurulub və Gürcüstan Respublikası elan olunub. Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika sovet işğalınadək - iki il yarım mövcud olub. Gürcüstan dövlət müstəqilliyini 70 ildən sonra - 1991-ci il aprelin 9-da bərpa edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi