SİYASƏT
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Qurban bayramı münasibətilə müsəlmanları təbrik etmişdir
Tbilisi, 6 noyabr (AZƏRTAC). Gürcüstan Prezidenti Mixeil Saakaşvili noyabrın 6-da Tbilisidəki Cümə məscidində olmuşdur.
Prezident M.Saakaşvili məscidə ibadətə toplanmış dindarları Qurban bayramı münasibətilə təbrik etmiş, Gürcüstanda bütün etnik qruplar və dinlər üçün eyni şəraitin yaradıldığını diqqətə çatdırmışdır. Prezident vurğulamışdır ki, biz ölkəmizin xoş gələcəyi, iqtisadiyyatımızın güclənməsi naminə birgə çalışmalı, dar gündə bir-birimizə arxalanmalıyıq.
Cümə məscidinin imamı Yasin Əliyev məscidə gəlib müsəlman dindarları təbrik etdiyinə görə Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə təşəkkürünü bildirmişdir.
Gürcüstanın azərbaycanlılar yaşayan bütün bölgələrində Qurban bayramı geniş qeyd olunmuş, məscidlərdə qurbanlar kəsilmiş və əhaliyə paylanmışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi