RƏSMİ XRONİKA
GÜRCÜSTAN VƏ AZƏRBAYCAN QARDAŞ ÖLKƏLƏRDİR
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEV GÜRCÜSTAN MİLLİ TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİNİ QƏBUL ETMİŞDİR
İlham Əliyev qonaqları səmimiyyətlə salamlayaraq, Gürcüstan Prezidenti Eduard Şevardnadzeyə xoş arzularını çatdırmağı xahiş etdi, Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə daim maraqlandığına və diqqət yetirdiyinə görə, Gürcüstan dövlətinin başçısına minnətdarlığını bildirmişdir.
Baş nazir məmnunluqla vurğuladı ki, iki dövlətin başçılarının müdrik və düşünülmüş siyasəti sayəsində indi Azərbaycan ilə Gürcüstan arasında münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir. Neft və qaz layihələrinin həyata keçirilməsi hər iki ölkənin tərəqqisinə kömək edəcəkdir.
Tedo Caparidze səmimi qəbula görə baş nazirə minnətdarlığını bildirərək dedi ki, ikitərəfli əlaqələrin bügünkü yüksək səviyyəsi Gürcüstan və Azərbaycan prezidentlərinin dostluğuna və qardaşlığına əsaslanır. O, əmin olduğunu vurğuladı ki, İlham Əliyevin hökumət başçısı vəzifəsində fəaliyyəti iki dövlət arasında münasibətlərin daha da inkişafına kömək edəcəkdir. Qonaq Gürcüstan rəhbərliyi və xalqı adından Azərbaycan Prezidentinə tezliklə sağalmağı və Vətənə qayıtmağı arzuladı.
Sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı.
Qəbulda Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Giorgi Çanturiya, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze iştirak edirdilər.