DÜNYA
Gürcüstanda 6 həkimin lisenziyası ləğv edilib
Tbilisi, 12 noyabr, AZƏRTAC
Gürcüstanda 6 həkimin lisenziyası ömürlük ləğv edilib və onlar həkimlik fəaliyyətindən məhrum olunublar.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Həkimlik Fəaliyyətinin İdarə Olunması üzrə Dövlət Agentliyinin direktoru Zaal Kapanadze məlumat verib.
Onun sözlərinə görə, Tibbin İdarə Olunması Şurası bir neçə həkimin fəaliyyətini ciddi şəkildə araşdırıb. Onların bəzilərinə müvəqqəti, 6 nəfərinə isə ömürlük olaraq həkimlik fəaliyyəti ilə məşğul olmaq qəti qadağan edilib.
Araşdırma zamanı məlum olub ki, bəzi xəstələrin ölümünə məhz həmin həkimlərin məsuliyyətsizliyi səbəb olub.
Agentliyin direktoru bildirib ki, 4 ay ərzində ölkə üzrə 500-dən çox xəstəxana, poliklinika və digər tibb müəssisəsinin fəaliyyəti, habelə onlara lisenziyaların verilməsi qaydaları araşdırılıb.
Nəticədə 100-dən çox klinikaya cərimələr tətbiq olunub, 7 klinikanın fəaliyyətində ciddi qanun pozuntusu olduğu üçün cinayət işi başlanılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi