İQTİSADİYYAT
Gürcüstanda keçirilmiş seminarda Azərbaycanın yeni Gömrük Məcəlləsi haqqında məlumat verilmişdir
Bakı, 13 dekabr (AZƏRTAC). Gürcüstanın paytaxtı Tbilisidə “Sərhəddə əməliyyat üsulları və prosedurların möhkəmləndirilməsi”nə dair ikitərəfli seminar keçirilmişdir. Tədbir “Cənubi Qafqaz Ölkələrində İnteqrəedilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək (SCİBM)” layihəsinin razılaşdırılmış İş Planına uyğun olaraq 2-ci modul çərçivəsində təşkil edilmişdir.
Tədbirdə Gürcüstanın Sərhəd və Patrul Polisi xidmətləri, Maliyyə Nazirliyinin İqtisad Departamenti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak etmişlər.
Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayəndəsi “Sərhəddə təkmilləşdirilmiş gömrük nəzarəti” mövzusunda məruzə ilə çıxış etmiş, seminar iştirakçılarına Azərbaycanda yeni qəbul olunmuş Gömrük Məcəlləsi barədə məlumat vermişdir.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.