İQTİSADİYYAT
Gürcüstanda yeni qaz kəmərləri istismara verilmişdir
Bakı, 14 oktyabr (AZƏRTAC). Oktyabrın 14-də Gürcüstanın Marneuli rayonunun Sadaxlı və Kvareli rayonunun Qremi kəndlərində “SOCAR Georgia Gas” şirkəti tərəfindən çəkilmiş yeni qaz kəmərləri istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, yeni qaz kəmərlərinin açılış mərasimlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Gürcüstanın energetika naziri Kaxa Kaladze, ARDNŞ-in sərmayələr idarəsinin rəisi Vaqif Əliyev, şirkətin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və başqa rəsmi şəxslər iştirak etmişlər.
Tədbirlərdə qeyd olunmuşdur ki, “SOCAR Georgia Gas” şirkəti azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli regionunda tikinti və təmir işlərini uğurla davam etdirir. 2009-cu ildən bu günədək Marneuli şəhərində və Marneuli rayonunun kəndlərində 404 kilometrlik qaz kəməri çəkilib istismara verilmiş, 9742 abonent təbii qazla təmin olunmuşdur. Sadaxlı kəndində 1944 abonentin təbii qaza olan ehtiyacını ödəmək üçün uzunluğu 74,5 kilometr olan qaz kəməri çəkilmişdir. Hazırda Kirovka, Tekalo, Sadaxlı, Damiya-Güraxlı kəndlərində tikinti-montaj işləri, Şulaver kəndində iki korpusun tikintisi, Qaçağandan Tekaloyadək xəttin çəkilişi davam edir. Burada 3007 abonentin təchizatı üçün uzunluğu 114 kilometr olan qaz kəmərinin tikilib istismara verilməsi nəzərdə tutulmuşdur.
İlin əvvəlində Kvareli rayonunun Qremi kəndində 2,6 kilometrlik kəmər çəkilib təhvil verilmiş, 46 abonent qazla təmin olunmuşdur. Hazırda burada 258 abonent üçün 9,3 kilometrlik qaz kəmərinin tikinti-montaj işləri davam etdirilir. Kvareli şəhərində və Kvareli rayonunun kəndlərində artıq 170 kilometr uzunluğunda qaz kəməri istismara verilmiş, 4852 ailə təbii qazla təmin olunmuşdur. Qremi və Eniseli kəndlərində tikinti-montaj işləri başa çatdıqdan sonra daha 840 abonent qazla təmin olunacaqdır. Ümumilikdə 2013-cü ilin sonunadək Marneulidə 518 kilometrlik qaz kəmərinin çəkilişi və 12749 abonentin təbii qazla təminatı, Kvarelidə isə 196 kilometrlik qaz kəmərinin çəkilişi və 5692 abonentin təminatı planlaşdırılır.