SİYASƏT
GÜRCÜSTANIN BATUMİ ŞƏHƏRİNDƏ ENERJİ MƏSƏLƏLƏRİ ÜZRƏ KONFRANS KEÇİRİLMİŞDİR
KONFRANSDA AZƏRBAYCANI BAŞ NAZİR ARTUR RASİZADƏNİN RƏHBƏRLİYİ İLƏ NÜMAYƏNDƏ HEYƏTİ TƏMSİL ETMİŞDİR
Batumi, 14 yanvar (AZƏRTAC). Yanvarın 14-də Gürcüstanın Batumi şəhərində enerji məsələləri üzrə konfrans keçirilmişdir.
Konfranda 11 ölkədən nümayəndə heyəti, Avropa Komissiyası nümayəndəliyinin rəhbəri Her Eklund iştirak etmişdir.
Azərbaycan konfransda Baş nazir Artur Rasizadənın rəhbərliyi etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Konfransdan əvvəl Baş nazir Artur Rasizadənin gürcüstanlı həmkarı Nikoloz Gilauri ilə təkbətək görüşü keçirilmişdir.
Gürcüstanın Baş naziri Nikoloz Gilauri konfransı açaraq demişdir ki, belə bir tədbirin Batumidə keçirilməsi bölgədə böyük layihələrin reallaşdırılmasında Gürcüstanın mühüm rol oynadığına sübutdur. Gürcüstan Azərbaycanın enerji ehtiyatlarının beynəlxalq bazara nəqlində etibarlı tərəfdaşdır. Bunu Gürcüstanın Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi beynəlxalq layihələrə qoşulması təsdiq edir. Batumi konfransında bir sıra mühüm məsələlər müzakirə olunacaqdır. Əminəm ki, konfransın iştirakçılarının diskussiyalarda fəallığı səmərəli nəticə verəcəkdir. Enerji təhlükəsizliyi məsələsində Avropa İttifaqı səylərini artırmalıdır. Gürcüstan enerji təminatı ilə bağlı çətin vəziyyətdə qalanda Azərbaycan dostluq köməyini əsirgəmədi, bizi təhlükədən xilas etdi. Buna görə də Azərbaycan Respublikasının rəhbərliyinə gürcü xalqının minnətdarlığını bildiririk.
Sonra Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin konfrans iştirakçılarına xoş arzularını çatdırmışdır. Konfransın dünya iqtisadiyyatının qlobal böhranla üzləşdiyi bir şəraitdə keçirildiyini bildirən A.Rasizadə böhranın sənayenin aparıcı sahələrinə, o cümlədən energetika kompleksinə də təsir göstərdiyini qeyd etmişdir.
Daha sonra Baş nazir istehsalçı, tranzit və istehlakçı ölkələrin enerji siyasətinin uzlaşdırılmasının vacibliyini qeyd etmiş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulamışdır.
A.Rasizadə diqqətə çatdırmışdır ki, 2009-cu ildə Azərbaycanda 51 milyon tondan çox neft və 23,7 milyard kubmetr qaz hasil edilmişdir. 2010-cu ildə 52,5 milyon ton neft və 28,5 milyard kubmetr qaz çıxarılması nəzərdə tutulur. Azərbaycanın təbii qaz yataqlarının təsdiqlənmiş ehtiyatlarının həcmi 2 trilyon kubmetrdən çoxdur, lakin biz bu rəqəmin xeyli artıq olduğunu güman edirik. Baş nazir qeyd etmişdir ki, Azərbaycan Türkiyəyə, Gürcüstana, Rusiyaya və İrana neft və qaz ixrac edir.
Azərbaycanın çoxşaxəli nəql infrastrukturuna malik olduğunu vurğulayan A.Rasizadə demişdir ki, region və dünya bazarlarının enerji ehtiyatları ilə təchiz edilməsi sahəsində ölkəmizin təcrübəsi beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üçün güclü potensial yaradır. Bununla əlaqədar biz Avropa ölkələri, Azərbaycan, Gürcüstan, Türkiyə, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri arasında qarşılıqlı faydalı tərəfdaşlığın təmin edilməsi üçün “Cənub dəhlizi” layihəsinin həyata keçirilməsi təşəbbüslərini və müvafiq tədbirləri yüksək qiymətləndiririk.
Baş nazir qeyd etmişdir ki, Azərbaycan öz təbii qazının Gürcüstandan keçməklə, Qara dənizin dibi ilə Bolqarıstana, Rumıniyaya, Ukraynaya, Şərqi və Mərkəzi Avropa ölkələrinə nəqli marşrutları ilə bağlı məsələləri də tərəfdaşlarla müzakirə etməyə hazırdır. Bunun üçün enerji ehtiyatlarının həmin istiqamətlər üzrə nəqlinin iqtisadi və kommersiya baxımından səmərəliliyi hərtərəfli araşdırılmalıdır.
Sonda A.Rasizadə əmin olduğunu bildirmişdir ki, konfransda səmərəli müzakirələr aparılacaq, faydalı təkliflər irəli sürüləcəkdir.
Konfransda digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri də çıxış edərək enerji təhlükəsizliyi ilə bağlı fikirlərini bildirmişlər.
Bununla da konfrans işini başa çatdırmışdır.
X X X
Azərbaycan nümayəndə heyəti həmin gün Vətənə qaytımışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi