CƏMİYYƏT
Gürcüstanın din xadimləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Tbilisi, 20 may, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə Bakıda səfərdə olan Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti mayın 20-də Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, din xadimləri əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn din xadimləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.
Nümayəndə heyətinin üzvləri 3-cü Fəxri xiyabanı ziyarət edərək, müstəqilliyimizin bərpası yolunda və Vətən müharibəsi döyüşlərində canlarından keçmiş qəhrəmanların məzarları üzərinə gül dəstələri düzüblər.
Şəhidlərimizin ruhuna dualar oxunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi