SİYASƏT
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının “qaynar xətti”ndən Azərbaycan dilində də məlumat almaq mümkündür
Tbilisi, 5 avqust (AZƏRTAC). Gürcüstanda bu il oktyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar ölkənin Mərkəzi Seçki Komissiyası xüsusi iş rejimində fəaliyyət göstərməyə başlamışdır. Digər tədbirlərlə yanaşı, Komissiyanın “qaynar xətt”i açılmışdır. Seçkilərin keçirilməsi, təşkili və digər məsələlərlə əlaqədar suallara “qaynar xətt”dən ölkədəki milli azlıqların dillərində, o cümlədən Azərbaycan dilində məlumat almaq mümkündür.
Parlament seçkilərində iştirak etmək istəyən siyasi partiyaların qeydiyyatı avqustun 5-də axşam saat 6-da başa çatır. Komissiyadan verilən məlumata görə, indiyədək 40 siyasi partiya seçkilərə qatılmaqla bağlı ərizə ilə müraciət etmişdir. Onlardan 14-ü qeydiyyatdan keçmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi