DÜNYA
Haaqa beynəlxalq nüvə təhlükəsizliyi sammiti çərçivəsində Yaponiya, ABŞ və Koreya Respublikası liderlərinin üçtərəfli görüşü keçiriləcəkdir
Tokio, 23 mart (AZƏRTAC). Yaponiya hökumətinin yaydığı məlumata görə, Niderlandda keçiriləcək beynəlxalq nüvə təhlükəsizliyi sammiti çərçivəsində Yaponiya, ABŞ və Koreya Respublikası liderlərinin üçtərəfli görüşü keçiriləcəkdir.
Yaponiyanın Baş naziri Şinzo Abe ilə Koreya Respublikasının Prezidenti Pak Kın He arasında görüş onların hər ikisinin öz ölkəsinin lideri seçilməsindən sonra ilk dəfə baş tutacaqdır.
Haaqada keçiriləcək sammit çərçivəsində üçtərəfli görüşün təşkili təşəbbüsü ilə ABŞ çıxış etmişdir.
Yaponiya hökumətindəki mənbələrin bildirdiyinə görə, üçtərəfli görüşün gündəliyinə nüvə silahının yayılmaması və Koreya Xalq Demokratik Respublikasının nüvə proqramının inkişafı ilə bağlı məsələlər daxildir.
Həmçinin qeyd edilmişdir ki, Yaponiya ilə Koreya Respublikası arasında narahatlıq yaradan tarixin qiymətləndirilməsi və digər məsələlər, yəqin ki, bu görüş zamanı əsas müzakirə mövzusu olmayacaqdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio