REGİONLAR
Hacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə başlanılıb
Hacıqabul, 27 fevral, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına Hacıqabulun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Uzunluğu 50 kilometr olan yol 4-cü dərəcəlidir. Yolun torpaq yatağının eni 8, asfalt-beton örtüyünün eni 6 metr, asfaltın qalınlığı isə 12 santimetr olacaq. Tikinti zamanı suötürücü qurğular və mal-qara üçün yeraltı keçidlər də quraşdırılacaq.
Tikintinin 2018-ci ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulub.