CƏMİYYƏT
Havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb
Bakı, 26 iyul, AZƏRTAC
Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərinin Yasamal, Nəsimi, Nərimanov rayonları ərazisində fəaliyyət göstərən “Gülüstan”, “Sofiya”, “Şəki”, Sumqayıt şəhərində “SV Beach”, “Sevgilim”, “Sultan”, Gəncə şəhərində isə “İdeal”, “Şəms”, “Şahzadə” ictimai-iaşə obyektlərindən havaya normadan artıq tullantı atıldığı müəyyən olunub.
Faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən həmin obyekt sahibləri cərimələniblər.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti restoran və şadlıq saraylarının sahiblərini havanı çirkləndirməməyə, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə çağırıb.
Ölkə ərazisindəki ictimai-iaşə obyektlərində monitorinq və nəzarət tədbirləri davam etdirilir.