İDMAN
Həmvətənlərimiz Ukrayna paytaxtında nərd oyununun ən güclü ustaları olduqlarını sübut etmişlər
Kiyev, 9 aprel (AZƏRTAC). Ukraynada ən iri ticarət-əyləncə mərkəzində - Kiyevdəki “Dream Town” (“Arzu şəhəri”) mərkəzində klassik (“uzun”) nərd üzrə kommersiya tipli turnir keçirilmişdir.
Bu qədim stolüstü oyunun pərəstişkarlarının yarışları Azərbaycanın və keçmiş SSRİ-nin sərbəst güləş üzrə əməkdar idman ustası, Azərbaycanın və keçmiş SSRİ-nin əməkdar məşqçisi Oleq Krapivinin rəhbərlik etdiyi “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatı və “Dream Town” ticarət-əyləncə mərkəzi tərəfindən təşkil edilmişdir.
Kiyevdə müxtəlif millətləri və müxtəlif peşələri təmsil edən 50-dən çox nərd ustasının yarışlarını həm “döyüş meydanında” toplaşmış azarkeşlər, həm də portalın istifadəçiləri onlayn rejimində izləyirdilər. Qeyd etmək lazımdır ki, nərdtaxtaların hamısı Azərbaycanda hazırlanmış, onların üzərində Bakının rəmzləri təsvir edilmişdir.
İki gün davam edən gərgin mübarizə başa çatandan sonra fəxri kürsünün bütün pillələrində həmvətənlərimiz dayanmışdır.
Turnirin qalibi, əslən Sumqayıtdan olan sahibkar Rasim Şmalts 7,5 min qrivna (1 dollar 8,00 qrivnaya ekvivalentdir - AZƏRTAC) qazanmışdır. İkinci yeri “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatının birinci vitse-prezidenti Seyidəli Qədiməliyev tutmuş (4,5 min qrivna), üçüncü yeri isə sahibkarlar Mehman Vəliyev və Asif Məmmədov bölüşmüşlər (hərəyə 1,5 min qrivna).
Yarış iştirakçıları və azarkeşlər turnirin yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şəraitə və ədalətli hakimliyə görə təşkilatçılara təşəkkür etmişlər.
AZƏRTAC-a o da məlum olmuşdur ki, bu layihənin təşkilatçıları yaxın vaxtlarda Kiyevdə klassik (“uzun”) nərd üzrə Ümumukrayna kommersiya turniri keçirmək barədə düşünürlər.
Zeynal Ağazadə
AzərTac-ın xüsusi müxbiri
Kiyev