CƏMİYYƏT
Hərbi paradla əlaqədar Azadlıq meydanı istiqamətinə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmuşdur VİDEO
Bakı, 20 iyun (AZƏRTAC). Paytaxtda keçiriləcək hərbi paradla əlaqədar Azadlıq meydanı istiqamətinə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmuşdur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə iyunun 26-da keçiriləcək hərbi parada hazırlıq və təlim məşqlərin keçirilməsi ilə əlaqədar paytaxtın Azadlıq meydanı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılmışdır.
V.Əsədov demişdir ki, Azadlıq meydanına hərbi texnikanın gətirilməsi və məşqlərin keçirilməsi ilə əlaqədar olaraq paytaxtın Köykəb Səfərəliyeva küçəsi kəsişməsindən Rəşid Behbudov küçəsi kəsişməsinədək, Neftçilər prospekti-Azadlıq meydanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilmişdir.
Əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırılır ki, qeyd edilən ərazilərdə nəqliyyat sıxlığının və tıxacların yaranmaması üçün alternativ yollardan istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər.
Qeyd edilən prospekt və küçələrə giriş-çıxış hərbi parad tam başa çatanadək bağlı olacaqdır.